26.05.2015

39 nömrəli məktəbdə şair Zakir Fəxrinin kitabının müzakirəsi keçirilib

 

Azərbaycan Respublikası təhsil nazirinin Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı əmrinə əsasən 39 nömrəli tam orta məktəbdə mayın 19-da keçirilən görüşdə şair Zakir  Fəxrinin Milli Qəhrəmanımız Şahlar Şükürova  həsr olunmuş “Yaza və yoza bilmədiyim yuxu” adlı  kitabının müzakirəsi keçirilib. Kitabda Milli Qəhrəman Şahlar Şükürovla bağlı xatirələri, düşüncələri, Qarabağa, vətənə, şəhidlərimizə həsr edilən şeirləri və Ş.Şükürovun fotoşəkilləri yer alıb.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə məktəbin direktoru Tahirə Şükürova çıxış edərək qonaqları salamlayıb. Tahirə xanım çıxışında bildirib ki, Z.Fəxrinin Milli Qəhrəman haqqında yazdığı bu kitab Şahlar Şükürovun ruhuna ucaldılan ən  böyük abidədir.

Tədbirdə həmçinin, Milli Qəhrəman Şahlar Şükürovun ailə üzvləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Şirindil Əhmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar yazıçı-jurnalisti Aqil Abbas, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Rüzgar Əliyev, Azərbaycan Respublikasının Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar birliyinin Nərimanov rayonu  şöbəsinin sədri Əlirza Mehdiyev və digər dəyərli qonaqlar iştirak ediblər.

 Tədbirdə  şagirdlər öz çıxışlarında qəhrəmanın şərəfli həyat yolundan söz açıblar. Şagirdlərin ifasında əsərdən parçalar  ədəbi-bədii kompozisiya  şəklində  səsləndirilib, vətənə və Milli qəhrəmanlarımıza aid mahnılar ifa edilib.

Tədbirdə söz şair Zakir  Fəxriyə verilib. Tədbirdə çıxış edən Z.Fəxri Milli Qəhrəmanla şəxsi tanışlığından danışıb, onunla bağlı xatirələrini bölüşüb: “Şahlarla hər görüşüm yaddaşımda dərin izlər qoyub. Bu illər ərzində bir dost kimi onu həmişə xatırlamışam. Sözü bütöv olduğu üçün ona inam da çox güclü idi. Münasibətlərində çox ehtiyatlıydı, aradakı pərdəni götürməzdi”.

Z.Fəxri çıxışında sözügedən kitabı yazma məqsədini açıqlayıb: “Şahlardan yazmağıma səbəb onunla bağlı gördüyüm qəribə, qeyri-adi yuxu idi. Bundan sonra bu dünyada görə bilmədiyimiz, görüb anlaya bilmədiyimiz sirlərin mövcudluğuna məndə bir daha əminlik yarandı və bu kitab ərsəyə gəldi”.

 Şair çıxışında yaxın gələcəkdə Qarabağ torpaqlarının erməni işğalından azad olunacağına, vətən uğrunda canından keçən qəhrəmanların narahat ruhlarının təskinlik tapacağına inandığını bildirib.