Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı”na əsasən məktəblilərin bilik, bacarıq və qabiliyyətlərinin, yaradıcılıq potensialının müəyyənləşdirilərək daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, habelə müxtəlif bilik yarışlarında bilavasitə iştirakının sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə şəhərin Binəqədi, Nəsimi, Xətai, Yasamal və Pirallahı rayonlarındakı bir sıra ümumtəhsil məktəblərinin komandaları arasında “Azərbaycan Universitetinin İntellektual Klubu” İctimai birliyi ilə birgə cari ilin aprel- may aylarında Rusiyanın “Birinci kanalında” yayımlanan “Umnitsi i umniki” verilişinin lisenziyalı analoqu, idman - televiziyadankənar versiyası - “Parlaq Zəka” intellektual oyununa yekun vurulmuşdur. Humanitar - ictimai profilə əsasən tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edən intellektual oyunda ümumilikdə 25 ümumtəhsil məktəbi, 125 şagird iştirak etmişdir.
“Dədə Qorqud” plazada keçirilən oyunun final mərhələsində rayon qalibləri - 16 (“Texniki Humanitar” liseyi), 287 (“Zəkalar” liseyi), 53, 299 və 168 nömrəli məktəblərin qalib komandaları yarışmışlar. Gərgin mübarizə şəraitində keçən yarışmada final mərhələsinin qalibləri müəyyənləşdirilmişdir. Daha yüksək nəticə göstərən “Zəkalar” liseyi 24 xalla birinci, 168 nömrəli ümumtəhsil məktəbi 16 xalla ikinci, 16 nömrəli “Texniki Humanitar” liseyi isə 15 xalla üçüncü yerə layiq görülmüşlər. Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və “Parlaq Zəka” İntellektual Klubunun diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Təltifetmə mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, “Parlaq Zəka” intellektual oyunun layihə rəhbəri Aydın Piriyev qalibləri təbrik edərək məktəblilərin oyuna olan maraqlarının və hazırlıqlarınn yüksək səviyyədə olması, intellektual oyunların tarixində ilk dəfə olaraq “Parlaq Zəka” oyununun idman versiyasının əsasının qoyulması, televiziya versiyasında növbəti illərdə oynamaq üçün yeni oyunçular nəslinin formalaşmasından danışmış, belə intellektual oyunlara gələcəkdə daha çox məktəblərin cəlb olunacağını bildirmişlər.