Respublika ərazisində cari ilin 10 sentyabr-10 oktyabr tarixlərində “Diqqət uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03 sentyabr 2015-ci il tarixli əmrinin icrası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyə xarakterli məktubuna əsasən, təhsil müəssisələrində tədbirlərə start verilmişdir.
Bununla əlaqədar, təhsil müəssisələrində pedaqoji işçilər, məktəblilər və onların valideynlərinin iştirakı ilə maarifləndirici söhbətlər, “dəyirmi masa”lar, treninqlər, nümunəvi dərslər, izahat xarakterli diskussiyalar, viktorinalar, praktiki məşğələlər keçirilir, videosujetlərə, filmlərə kütləvi baxışlar təşkil edilir.
Görülən tədbirlərin davamı olaraq Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində tədbir təşkil olunmuşdur. Tədbirdə hərəkətin təhlükəsizliyi aylığının mahiyyəti barədə məlumat verilmiş, gənc polislərin nümunəvi çıxışları təşkil edilmiş, praktiki məşğələlər keçirilmişdir. Aylığın keçirilməsi işində baza olaraq 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin bütün təhsil müəssisələrinə dəstək olacağı bildirilmişdir.