06.11.2015

Məktəb direktorları ilə görüş keçirilib

 

        Oktyabrın 20-də 276 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi ilə paytaxtın ümumtəhsil məktəblərinin direktorları arasında görüş keçirilib.

        Görüşdə çıxış edən nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində aparılan addımlardan danışıb.

        Nazir müavini Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (DS) təsdiq edildikdən sonra İdarənin fəaliyyətini Dövlət Strategiyasından irəli gələn məsələlərə yönəltdiyini də qeyd edərək növbəti ildə təhsil ictimaiyyətini gözləyən əsas vəzifələri, müəllimlərin rifahının yüksəldilməsi üçün həyata keçirilən tədbirləri, müəllimlər üçün keçirilən təlimləri və  Bakı şəhərinin 12 rayonu üzrə aparılan səyyar qəbulları xüsusilə vurğulayıb.

        Ceyhun Bayramov  həyata keçirilən islahatlar nəticəsində müəllim ixtisasını seçən abituriyentlərin keçən illə müqayisədə yüksələn nəticələrindən və Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün növbəti “Təməl” təqaüd proqramından da bəhs edib.

Çıxışı zamanı Sınaq qiymətləndirməsindən bəhs edən nazir müavini qeyd edib ki, Bakı şəhəri üzrə 2014-2015 və 2015-2016-cı tədris ilində işə qəbul olunan müəllimlər, müxtəlif üzrlü səbəblərdən ötən il qiymətləndirmədən keçməyən müəllimlər və əvəzçiliklə işə qəbul olunan müəllimlər də bu dəfə  prosesdə iştirak edəcəklər.

İclasda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva 2014-2015-ci tədris ilində keçirilən fənn olimpadalarında qazanılmış uğurlar, qarşıda duran vəzifələr barədə danışıb.

Məhəbbət Vəliyeva öz çıxışında istedadlı təhsil alanlarla bağlı işin təşkilindən, beynəlxalq olimpiadalara seçim mərhələsindən və ölkə üzrə keçiriləcək fənn olimpiadalarından da  bəhs edib.