06.11.2015

Qarabağ veteranları ilə məktəblilərin görüşü davam edir

 

        Bakı şəhəri  49 nömrəli tam orta məktəbdə  9-11-ci sinif şagirdləri üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi və “Yayım” Assosiasiyasının birgə təşəbbüsü ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi:hadisə şahidlərinin iştirakı ilə gənclərdə vətənpərvərlik ruhunun təbliği sahəsində tədbirlərin təşkili” layihəsi keçirilmişdir. Tədbirdə  91 və163 nömrəli tam orta məktəblərin şagirdləri də iştirak etmişdir. Layihənin məqsədi gənc nəsildə Qarabağ  problemini  bu proseslərdə  iştirak edən  insanların - Qarabağ veteranlarının  dilindən  eşitdirməklə, məktəblilərdə   vətənə,  torpağa məhəbbət aşılamaq, mənəvi dəyərlərimizi  qorumaqdır.

       Tədbirdə  “İşğal altında qalan maddi və mənəvi sərvətlərimiz”, “Gənclər Qarabağ haqqında nə bilirlər”, “Şəhid həmyerlilərimiz haqqında nə bilirik”, “İşğal altında olan rayonlarımız haqqında bildiklərimiz”, “İgid Azərbaycan əskəri olmağa hazır olaq”, “İşğal altında olan Azərbaycan rayonları və bir milyona yaxın qaçqınlarımız”, “Ermənilər, tarixi xəyanətlər və ermənilərin məqsədli təcavüzü”, “Girovluqda olan azərbaycanlıların çəkdiyi məşəqqətlər”, “İgid Azərbaycan oğulları haqqında”, “Sabahın əskəri olmağa hazırsanmı” mövzularında  məktəblilərlə  dialoq-sorğu aparılmış,  onlarda  Qarabağ probleminin  yaranma səbəbləri, işğal altında olan rayonlarımızın  coğrafi əhəmiyyəti,  flora və faunası haqqında təsəvvür  yaradılmış, torpaqlarımızın ermənilər tərəfindən  zəbt edilməsinin maddi və mənəvi yükü  izah edilmişdir.

        Tədbir iştirakçılarına  Qarabağdan, qəhrəmanlarımızdan  bəhs edən kitablar, bukletlər paylanmış, məktəb kitabxanasına 11 adda kitab hədiyyə edilmişdir.