06.11.2015

“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbirlər davam edir

 

        Bakı  şəhəri   186 nömrəli  tam orta məktəbdə  “Fövqəladə hallarda  özünü necə aparmalı” mövzusunda maarifləndirici  tədbir keçirilmişdir.Tədbirin keçirilməsində məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur.

        Tədbirin təşkilatçıları  və dəvət olunan qonaqlar  məktəblilər  və məktəbin pedaqoji kollektivi arasında maarifləndirmə işi aparmış,  “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxış etmişlər.Tədbirin nəzəri hissəsində  məktəblilərin ifasında fövqəladə hallardan bəhs edən  şeirlər səslənmiş,  videosujetlər göstərilmişdir.

        Tədbirin praktiki hissəsində  bütün məktəb  kollektivi və qonaqlar məktəb daxilindən təxliyə  edilmiş,  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə tanış olmuş, canlı olaraq Dövlət Yanğın Nəzarəti Xidmətinin,  Bakı Regional Mərkəzinin Xüsusi Xilasetmə Xidmətinin,  FHN Tibb Xidmətinin və Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən fövqəladə hallarda göstərdikləri  əməliyyatlar və digər qaydalar nümayiş olunmuşdur.