06.11.2015

Təhsil müəssisələrində sağlam həyat tərzinə aparan profilaktik tədbirlər keçirilir

 

        Bakı şəhəri  244 nömrəli  tam orta məktəbdə yeniyetmə və gənclər arasında  narkomaniyaya qarşı təbliğatın gücləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

        Tədbirdə  məktəbin pedaqoji kollektivi  və şagirdlərinə  narkotiklərin insan  orqanizminə  məhvedici təsiri, onun törətdiyi sosial bəlalar, xəstəliklər, erkən müalicənin labüdlüyü, həmçinin  narkomanlığın  cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verilib və bu sahədə təbliğat işlərinin aparılmasının zəruriliyi vurğulanıb.

        Tədbirdə çıxış edən təşkilatçılar məktəblilərin zərərli vərdişlərdən uzaqlaşdırmaq, “ağ ölüm”lə  mübarizə aparmaq məqsədilə ciddi tədbirlərin həyata keçirilməsi, sağlam həyat tərzinin  təmin olunması istiqamətində işlərin görülməsi, hərbi-vətənpərvərlik, idman və turizm yarışları, intellektual oyunlar, bilik yarışları və digər  çoxsaylı  maraqlı tədbirlərin təşkil olunmasının vacibliyindən danışıb, öz tövsiyə və tapşırıqlarını veriblər.