Bakı şəhəri 24, 42, 47, 128, 156, 168, 184 nömrəli tam orta məktəblər və Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzində musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun 130 illik yubileyi münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, yaxın şərqdə opera sənətinin banisi, Azərbaycanda isə musiqili komediya janrının yaradıcısı olan dahi bəstəkarın digər janrlarda yaratdığı əsərlərdən danışılıb.
Tədbirdə görkəmli sənətkarın Azərbaycan Respublikasının Dövlət Himninin musiqisini yaratmağının tarixi əhəmiyyətindən bəhs edilib
Məktəblilərin ifasında unudulmaz bəstəkarın “Çırpınırdı Qara Dəniz”, “Qaragöz”, “Şəfqət bacısı” kimi heyrətamiz əsərlər səsləndirilib, “Arşın mal alan”, “O olmasın, bu olsun” komediyalarından səhnəciklər canlandırılıb.
Yubiley münasibətilə keçirilən tədbirlərdə “Üzeyir bəy” filmi, “ Koroğlu” və “Leyli və Məcnun” operalarından qısa videosujetlər nümayiş etdirilib.