06.11.2015

Təhsil işçiləri təltif edildi

 

          Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr 2015 – ci il tarixli əmri ilə təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim – tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı, idarənin tabeçiliyində olan məktəblərin və məktəbdənkənar müəssisələrin təhsil işçiləri təltif edilmişdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarənin rəhbərliyi ilə təltif edilən təhsil işçiləri arasında görüş keçirilib.

          Görüşdə çıxış edən nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.

          Nazir müavini "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb.

          Görüş zamanı Ceyhun Bayramov ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə prezident İlham Əliyevin dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında imzaladığı sərəncama da diqqət çəkib.

          Görüşdə çıxış edən 258 № - li tam orta məktəbin direktoru Sədaqət Hüseynova və  193 № - li tam orta məktəbin direktoru Rahim Hüseynov müəllimlik peşəsinin şərəfli peşə olduğu üçün bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini bildiriblər. Çıxış edənlər təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Sonda təhsil işçiləri “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif ediliblər.

 

Təltif edilən təhsil işçilərinin siyahısı