11.11.2015

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

 

        Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları” aylığı keçirilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən “Uşaqların internet təhlükəsizliyi” mövzusunda keçirilən tədbir də məhz bununla bağlı olub. Tədbirdə Bakı şəhəri 6, 49, 83 nömrəli  ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

       Tədbir iştirakçılarına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verilib.

        Mərkəzin əməkdaşı Ləman Hüseynzadə “Uşaq hüquqları” mövzusunda xüsusi təqdimatla çıxış edərək BMT-nin Uşaq hüquqları Konvensiyası barədə qısaca məlumat verib. O, həmçinin Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanununa və Ailə Məcəlləsinə əsasən uşaqların sahib olduğu hüquqlara toxunub,  bu sahədə qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

        Mərkəzin əməkdaşı Aysel Hadiyeva “Uşaqların internet təhlükəsizliyi” mövzusunda təqdimatla çıxış edərək uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat verib, virtual aləmdə yeniyetmələrin aldadılaraq təsir altına salınması, ailəyə məxsus bank hesab məlumatlarının oğurlanması barədə uşaqları xəbərdar edib.

        Bununla yanaşı, tədbir iştirakçılarına sosial şəbəkələrdən istifadə edərkən təhlükəsizlik qaydaları, çətin və yaddaqalan şifrə yaratmağın yolları və s. barədə tövsiyələr verilib və  mövzu üzrə şagirdlərin sualları cavablandırılıb.

        Tədbirin sonunda Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanmış “Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” adlı maarifləndirmə xarakteri daşıyan kitabçalar iştirakçılara təqdim olunub.