17.11.2015

Məktəbdə “Qarabağ tarixi” muzeyinin açılışı olub

 

       13 noyabr 2015 – ci il tarixində Milli Qəhrəman M.İbrahimov adına 153 saylı orta məktəbdə “Qarabağ tarixi” muzeyinin açılışı ilə bağlı tədbir keçirilib.

        Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Milli ElmlərAkademiyasının akademiki Vəli Əliyev, Bakı şəhəri       Yasamal rayonu İcra hakimiyyətinin başçısının müavini Təravət Muradova,  “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov, məktəbin müəllim və şagirdləri və digər qonaqlar iştirak ediblər.

       Tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Məktəbin direktoru Təranə Paşayeva çıxış edərək rəhbərlik etdiyi məktəbin fəaliyyətindən danışıb. Muzeyin yaradılmasının əsas məqsədinin şagirdlər arasında mədəni irsimizi, Qarabağın mədəniyyətini və tarixini təbliğ etməkdən ibarət olduğunu bildirib.

        Tədbirdə BŞTİ – nin müdir müavini Hüseyn Əsgərov da çıxış edərək bu cür muzeylərin digər məktəblərdə də açılmasını, o cümlədən məktəblərdə Qarabağa aid kitablardan ibarət kitabxanaların yaradılmasını tövsiyə edib.

        Tədbirdə çıxış edənlər şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.

      Tədbirə şagirdlərin çıxışları daha da rəngarənglik qatıb. Şagirdlərin Qarabağ tarixinə dair çıxışları və vətənpərvərlik mövzusundakı şeirləri diqqəti daha çox cəlb edib. Tədbirdə şagirdlərin ifasında Səməd Vurğunun “Vaqif” dramından bir parça da səhnələşdirilib.

      Sonda Azərbaycanın Milli Qəhrəmanlarına və Qarabağ atının Londondakı möhtəşəm milli rəqsinə həsr olunan video – çarx, o cümlədən Xoca filmindən fraqment göstərilib.