Noyabrın 17-də Bakı şəhəri ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsinin şəhər turu keçirilmişdir.
Müsabiqədən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşları çıxış etmiş, “Milli Dirçəliş Günü” münasibətilə məktəbliləri təbrik edərək təhsillərində uğurlar arzulamışlar.
İnşa yazı müsabiqəsinin məhz 17 noyabr tarixində keçirilməsinin əsas səbəbi məktəblilərə bir daha Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılan milli azadlıq hərəkatının nəticəsi olaraq 1992-ci ildən qeyd olunmağa başlamış “Milli Dirçəliş Günü”nün əhəmiyyətini vurğulamaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq və milli atributlara hörmət hissini aşılamaq olmuşdur.
Bakı şəhəri 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə 167 şagird iştirak etmiş, şəhər məktəbliləri milli-mənəvi dəyərlər haqqında düşüncələrini öz inşa yazılarında əks etdirmişlər.
Qeyd edək ki, yazılar yoxlandıqdan sonra 10 ən yaxşı inşa Təhsil nazirinin müvafiq əmrinə əsasən, Respublika turunda iştirak etmək hüququ qazanacaqdır.