23.11.2015

Təhsil müəssisələrində “Uşaq hüquqları” aylığı çərçivəsində maarifləndirici tədbirlər keçirilib

       

     Bakı  şəhəri  ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində  uşaqlara diqqətin artırılması, uşaq  hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılması, onların daha effektiv müdafiəsinin təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması  məqsədilə Azərbaycan Respublikasının  İnsan  Hüquqları üzrə  Müvəkkilinin təşəbbüsü ilə respublikamızda elan olunmuş  “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilmişdir.

      “Mən öz hüquqlarımı bilirəm”, “Uşaq hüquqlarının ən yaxşı bilicisi “, Uşaqlar öz hüquqlarını  niyə bilməlidir?”, “Sən öz hüquqlarını bilirsənmi”,“Hüquq dünyası”, “Bizim hüquqularımız”, “Uşaq hüquqlarını pozmayaq”, “Mənim hansı hüquqlarım var” , “Mənim qanunum məni müdafiə edir” adlı “dəyirmi masa”, disput,  seminar, konfrans, treninqlər, rəsm və inşa müsabiqələri keçirilmiş, “Uşaq hüquqları haqqında ” qanunda  əks olunan  müddəalarla  əlaqədar şagirdlərin rəy və mülahizələrini öyrənmək üçün anket sorğuları təşkil edilmiş, onların psixoloq, tibb işçiləri,  hüquq məsləhətçiləri, polis əməkdaşları ilə görüşləri təşkil olunmuşdur.

       Tədbirlərdə  şagirdlərə  BMT-nin 20 noyabr 1989-cu il tarixində qəbul etdiyi mühüm beynəlxalq sənədlərdən olan Uşaq Hüquqları Konvensiyasının  müddəaları izah edilmiş, bu Konvensiyanın şərti olaraq dörd kateqoriyası – yaşamaq, inkişaf, iştirak və müdafiə kateqoriyaları barədə məlumat verilmiş, interaktiv müzakirələr aparılmışdır.

       Habelə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları barədə də tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

     Respublikamızda  uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatlar həyata keçirildiyi, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramlarının qəbul edildiyi diqqətə çatdırılmış,uşaq hüquqlarının müdafiəsi mexanizmləri, hüquqa zidd əməllərə qarşı aparılan mübarizə barədə söz açılmışdır.  Şagirdlərə uşaq hüquqlarının pozulması halları və bu pozuntulara qarşı mübarizə yolları izah edilmişdir.

       Təhsil müəssisələrində valideynlər üçün “Uşaq hüquqlarını pozmayaq”adlı seminarlar da təşkil olunmuşdur.

      Bakı şəhəri ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri şagirdlərinin öz hüquqlarını tanıyıb və qoruması, bilik, bacarıq və qabiliyyətlərinin inkişafı üçün daima əlverişli şərait yaradaraq “Heç bir uşağı diqqətdən kənarda qoymayaq!” şüarı altında fəaliyyətini hər zaman davam etdirir.