Bakı şəhəri 1, 2 və 3 nömrəli Uşaq-Gənclər Şahmat məktəblərinin komandaları Qubada keçirilən şahmat üzrə Respublika çempionatının final mərhələsində iştirak ediblər.
7-17 yaşlı məktəbli oğlan və qızlar arasında təşkil edilən yarışa 154 zəka sahibi qatılıb. Final mərhələsində paytaxt məktəbliləri ilə yanaşı, respublikanın 35 şəhər və rayonundan olan yetirmələr də mübarizə aparıblar. 9 turdan ibarət olan turnir Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən İsveç sistemi üzrə keçirilib.
Yarışın nəticələrinə əsasən, komanda hesabında Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbi I yerə, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbi isə III yerə layiq görülüblər.
Müxtəlif yaş qrupları üzrə I yerə layiq görülən şahmatçılar - Suada Abbaszadə, Ləman Hacıyeva, Aytac Heydərova, İsmayıl Süleymanlı, Vüqar Manafov 2016-cı ildə Tunisdə keçiriləcək məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar.
II yerin qalibi Səid Rəfili isə Yunanıstanda keçiriləcək məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəkdir.