27.11.2015

Bakı şəhər məktəbliləri arasında “Azərbaycan Respublikasının Konstitusiyası – 20 il” adlı inşa yazı müsabiqəsi keçirilib

 

     Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin  28 oktyabr  2015-ci il tarixli  260 nömrəli əmrinə  əsasən, Azərbaycan Respublikasının Konstitusiyasının  qəbul edilməsinin 20 illiyi ilə əlaqədar  məktəblilər arasında  maarifləndirmə  işinin  aparılması, Konstitusiyanın  mahiyyəti, əsasları  və prinsiplərinin  öyrədilməsi,  hüquqi  biliklərin daha da artırılması  və hüquqi dövlət quruculuğunda fəal iştiraka hazırlanmaları məqsədi ilə keçirilən  “Azərbaycan Respublikasının Konstitusiyası – 20 il” adlı inşa yazı müsabiqəsinə yekun vurulub.

    Müsabiqənin ilkin mərhələsi  12 noyabr tarixinədək ümumtəhsil məktəblərində keçirilib. Belə ki, məktəbdaxili mərhələdə qalib gələn ən yaxşı inşa yazılarının  sahibləri  şəhər mərhələsində iştirak etmək hüququ qazanıblar.

     26 noyabr tarixində  Bakı  şəhəri 164 nömrəli tam orta məktəbdə keçirilən müsabiqənin ikinci- şəhər mərhələsində  190 nəfər X-XI sinif  şagirdləri   iştirak ediblər. Məktəblilər Azərbaycan Respublikası   Konstitusiyasının  qəbul edilməsinin 20 illiyi ilə əlaqədar  düşüncələrini  öz inşa yazılarında əks etdiriblər.