Bakı şəhəri 95 nömrəli tam orta məktəb və Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 25-də məktəblilərin pedaqoq-alim, tədqiqatçı və müəllim kimi tanınan şair Əjdər Ağayevlə görüşü təşkil edilmişdir.
Tədbirin keçirilməsində məqsəd Azərbaycanın görkəmli şair və yazıçılarını, onların əsərlərini şagirdlərə tanıtmaq, sevdirmək, şagirdlərin mütaliə vərdişlərini təkmilləşdirmək və onlarda mütaliə mədəniyyətini formalaşdırmaqdır.
Məktəblilərin iştirakı ilə nümayiş olunan ədəbi-bədii kompozisiyada akademik Əjdər Ağayevin şeirləri səsləndirilmiş, şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur.
Əjdər Ağayevin uşaqlar üçün bir çox hekayələrin, müxtəlif məzmunlu şeirlərin müəllifi olduğu, 100-dən çox şeirinə mahnı bəstələndiyi, bunların da bir hissəsinin uşaq mahnıları olduğu vurğulanmışdır.
Tədbirdə şagirdlər tərəfindən "Pişik balasının səhvi" pyesi əsasında hazırlanmış tamaşa da nümayiş etdirilmişdir. Tamaşa tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Akademik Əjdər Ağayev çıxışında şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyanı yüksək qiymətləndirmiş, uşaqlara həsr etdiyi yaradıcılıq nümunələrindən danışmışdır.
Sonda Əjdər müəllim tədbir iştirakçılarına tövsiyələrini bildirmiş və şagirdləri maraqlandıran suallara cavab vermişdir.