700 bal toplayan tələbə Əli Allahverdiyev ilə söhbət
Əli Allahverdiyev 1998-ci ildə Naxçıvan MR Şərur rayonunun Zeyvə kəndində anadan olub. 2015-ci ildə Zeyvə kənd tam orta məktəbini bitirib. Riyaziyyat fənni üzrə respublika olimpiadasında gümüş, Nigeriyada keçirilən olimpiadada qızıl, Türkiyədə riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda isə 2 qızıl, 2 bürünc medal qazanıb.
- Əli, riyaziyyat və fizika fənlərinə üstünlük verməyinin səbəblərini necə izah edərdin? Müəllimlərin güclü idi, yoxsa bu fənlərə marağın daha çox idi?
- Bu, bəlkə də riyaziyyat, fizika alimlərinə daha çox rəğbət göstərməyimlə bağlıdır, çünki onlar daha çox yaradıcı düşünürlər. Eyni zamanda həyat qanunlarının əsası bu iki elmdən qaynaqlanır. Mən bu fənlərə həqiqi sevgiylə yanaşmışam. Əslində yüksək yaradıcılıq qabiliyyəti olmayan şəxs bu fənləri qavraya bilməz. Buna görə də həmişə poeziyanı riyaziyyatla müqayisə edirlər.
- Ali məktəbə hazırlaşarkən I qrupu seçəcəyinə necə qərar verdin?
- Mənim fikrimcə, gələcəkdə alim olmaq üçün bu qrup daha məqsədəuyğun göründü. Çünki burada texniki fənlər daha çox üstünlük təşkil edir. Mən müəllim və valideynlərimin məsləhətlərinə həmişə hörmətlə yanaşmışam, amma bu seçim şəxsən özümün olub. Çünki gələcək arzularım heç kimə yox, yalnız mənə aiddir.
- Bu gün abituriyentlərin bir çoxu imtahana hazırlaşarkən repetitora üstünlük verir. Sən necə düşünürsən, bu, vacibdirmi?
- Şəxsən mən heç bir repetitor yanına getməmişəm. Sadəcə özüm hazırlaşmışam, orta məktəb və lisey müəllimlərimə güvənmişəm. Müəllim yanına getməyi artıq vaxt itkisi hesab edirəm, dərsliklərdə təqdim olunan materiallar kifayət edir ki, qəbul imtahanlarına qatıla biləsən. Çətinlik çəkdiyim anlarda isə öz müəllimlərimə müraciət etməkdən çəkinmirdim. Bəzən 2-3 gün düşünürdüm və ən çətin düsturun cavabını özüm tapmağa çalışırdım. Bilik bazasını möhkəmləndirmək baxımından bu, ən yaxşı metodlardan biridir.
- İmtahan zamanı həyəcan keçirirdinmi?
- Həmin gün bizim gələcək taleyimiz müəyyən olunurdu. İmtahanda həyəcan keçirmək normal haldır. Amma az da olsa həyəcan keçirirdim. İnsan həyəcan keçirdikdə bildiklərini də unuda bilər. Amma özümü idarə etdim. Sualları cavablandırarkən həyəcan keçdi.
- 700 bal toplayacağına əmindinmi?
- Bu imtahan digərlərindən fərqli idi, sınaq imtahanı deyildi, məsuliyyəti çox böyük idi. Qaldı ki, 700 bal məsələsinə, imtahan prosesində bal haqqında deyil, təqdim olunan sualların cavabları barədə düşünürdüm.
- İxtisas seçimində çətinlik çəkdinmi?
- Qətiyyən. Qafqaz Universitetinin mexanika mühəndisliyi fakültəsini seçdim. Yüksək biliyə, savada yiyələnəcəyəm. İxtisasımın ən yüksək bilicisi olmağa çalışacağam.
- Gələcək abituriyentlərə hansı məsləhəti verərdin?
- Abituriyentlərə məsləhətim odur ki, dərslərə sistemli şəkildə hazırlaşsınlar. Önəmli olan odur ki, çox çalışmaq lazımdır . Yalnız mükəmməl biliyə malik olmaqla arzuya çatmaq olar. Əzmli və özlərinə inamlı olsunlar. Asudə vaxtlarında kitab oxumağı da unutmasınlar. Ümumiyyətlə, bütün gənclərə bilik ardınca getməyi tövsiyə edirəm. Mən də öz ixtisasım üzrə çalışacağam təhsilimi uğurla başa vurum, gənc kadr kimi məhz ölkəmizin inkişafı istiqamətində əlimdən gələni edim. Əgər mən bu gün 700 bal toplayıb ali məktəbə daxil ola bilirəmsə, demək həqiqətən də bilik qiymətləndirilir. Mən də ölkəmə gənc kadr kimi biliyimlə və sevgimlə xidmət etməliyəm. Bu gün ən yüksək balla Qafqaz Universitetinin tələbəsi olduğum üçün qürur hissi keçirirəm.
- Ailə vəziyyətinizlə bağlı nə isə söyləmək istərdinmi?
- Atam Şərur rayon Dövlət Dəmiryol İdarəsində maşinist işləyir. Anam evdar qadındır. Kiçik qardaşım isə Naxçıvan Texniki Kollecində təhsil alır. Sadə, gözü-könlü tox bir ailənin övladıyam.
- Universitetdə keçirilən tədbirlərdə iştirak edirsən?
- Əlbəttə. Bilik Gününə həsr olunan tədbirdə iştirak etdim. Universitetin müəllim-tələbə heyəti, valideynlər və digər qonaqlarla tanış oldum. Burada yüksək bal toplayan tələbələr də iştirak edirdilər. Universitetin rektoru, professor Ahmet Saniç yüksək bal toplayan tələbələri təbrik etdi. Qafqaz Universitetinin tələbəsi olduğum üçün bir daha qürur hissi keçirdim, fərəhləndim. Sevindim ki, universitetdə yüksək təhsil almaq üçün hər cür şərait var. Kompüter, kimya, mexanika, fizika və digər ixtisaslar üzrə laboratoriyalar tələbələrin ixtiyarına verilib. Qafqaz Universitetinin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı yüksək səviyyədə olduğundan burada hazırlanan kadrlar iş karyerasında uğur qazanır, ölkəmizin inkişafında üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Mən də əzmkarlıqla çalışacağam ki, gələcəkdə çoxlarına nümunə ola biləcək mütəxəssis olum.
- Universitetin ictimai işlərində fəallıq göstərirsənmi?
- Beynəlxalq tələbələr klubunun üzvüyəm. Klubun 400-ə yaxın üzvü var. Xarici tələbələrlə tez-tez seminarlarda iştirak edirəm. Klubun məqsədi ölkəmizi xarici tələbələrə tanıtmaq və onları darıxmağa qoymamaqdır. Bu günlərdə havanın soyuq olmasına baxmayaraq Qubaya gəzməyə gedəcəyik. Ümumiyyətlə, asudə vaxtımızdan səmərəli istifadə edirik. Eyni zamanda xeyriyyəçilik məqsədi ilə yaranan H.Z.Tağıyev adına klubun da üzvüyəm...
- Gələcək planların...
- Planlarım, arzularım çoxdur. Çalışacağam ki, qarşıdan gələn qış semestr imtahanlarını da əla qiymətlərlə başa vurum. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səylə çalışmalıyam. Gələcəkdə isə Oksford Universitetində təhsilimi davam etdirmək arzusundayam.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”