30.11.2015

Məktəblilər “Hüquqlarımızı tanıyaq və qoruyaq!” inşa yazı müsabiqəsində iştirak ediblər

 

         Bakı şəhəri üzrə Təhsil İdarəsinin  14 oktyabr 2015-ci il tarixli  243 nömrəli  əmrinə əsasən, noyabrın 27-də  Bakı şəhəri 258 nömrəli məktəbdə şəhərin  ümumtəhsil məktəblərinin  VIII-XI  sinif şagirdləri arasında “Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş “Hüquqlarımızı tanıyaq və qoruyaq!” mövzusunda inşa yazı müsabiqəsinin şəhər mərhələsi  keçirilib.      

         1-5 noyabr tarixlərində məktəblilərin öz hüquq və vəzifələri barədə  biliklərinin artırılması, onların öz hüquqlarını tanıması məqsədilə təşkil edilən müsabiqənin  məktəbdaxili  mərhələsində qalib gələn şagirdlər II-şəhər mərhələsində iştirak etmək hüququ qazanıblar.

Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə keçirilən müsabiqənin şəhər mərhələsində ümumilikdə  250 şagird iştirak edib.

         Məktəblilər müsabiqəyə yaradıcı yanaşıb, onlara verilən  vaxt ərzində  Ümumdünya Uşaq Hüquqları Gününün  əhəmiyyətini, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə və uşaqların  əmin-amanlığının təmin olunmasına yönəldilmiş tədbirləri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarını, mühüm beynəlxalq sənədlərdən olan Uşaq Hüquqları Konvensiyasının  müddəalarını və öz hüquqlarını  inşa yazılarında sərbəst şəkildə ifadə ediblər.