Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Estetik Tərbiyə üzrə Tədris - Metodik Mərkəzinin təşkilati dəstəyiilə məktəbin birgə əməkdaşlığı çərçivəsində əməkdar incəsənət xadimi, görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın 105 illik yubileyinə həsr edilmiş “Düşündürən gülüş” adlı musiqili - bədii gecə keçirilib.
Tədbirdə Təhsil Nazirliyi, Estetik Tərbiyə üzrə Tədris - Metodik Mərkəzi və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, xalq artistləri Amalya Pənahova, Azər Zeynallı, Sabit Rəhmanın qızı Gültəkin Əzizova,Bakı Musiqi Akademiyasının professoru, bəstəkarEmin Sabitoğlunun qızı Ceyran Mahmudova və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü belə tədbirlərin mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığı haqqında şagirdlər tərəfindən daha çox bilik əldə edilməsində böyük rol oynadığını söyləyib.
Musiqili - bədii gecədə şagirdlər dramaturqun “Nişanlı qız”, “Əliqulu evlənir” “Hicran” əsərləri əsasında qurulmuş tamaşalardan parçalar, Emin Sabitoğlunun bəstələdiyi mahnılar ifa etmişlər.
Xalq artistləri Amalya Pənovanın nitqi, Azər Zeynallı tərəfindən “Şükriyyə” və “Gəncədən gəlirəm” mahnılarının ifası gecəni daha canlı və obrazlı etdi. Tədbirə gələn qonaqlar da ölməz dramaturq haqqında öz fikir və xatirələrini bölüşdülər.
Tədbir məktəbin xor kollektivinin ifasında “Yaşa Azərbaycan” mahnısı ilə başa çatdı.