Milli Qəhrəman Nadir Alış oğlu Əliyevə həsr olunmuş "Vətən sevgisi" adlı sənədli filmin təqdimatı qəhrəmanın adını daşıyan Bakı şəhəri 282 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, valideyn, müəllim və şagirdlər iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında istehsal olunan filmin rejissoru və ssenari müəllifi məktəbin məzunu Günel Aqif, operatoru isə Yusif Səfiyevdir. Ekran əsərinin çəkilişləri Ağdam rayonu və Bakı şəhərində aparılıb.
Filmin nümayişindən sonra qonaqların film və milli qəhrəman barədə çıxışları dinlənilib. Qeyd olunub ki, 1962 - ci ilin 30 iyulunda Ağdamın Əliağalı kəndində anadan olan Nadir Əliyev müstəqilliyimizin ilk illərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi çalışıb. 1993 - cü ilin yanvar ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon bölməsində baş əməliyyat müvəkkili təyin olunduqdan sonra Ağdərə uğrunda döyüşlərin qızğın vaxtında rəhbərliyə müraciət edərək, MTN xüsusi təyinatlı dəstəsi tərkibində Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə rəşadət göstərib, bir neçə dəfə düşmən tərəfə keçərək lazımi kəşfiyyat məlumatları ilə geri qayıdıb. 1993 - cü ilin 22 iyulunda Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən ağır döyüşdə Nadir Əliyev ermənilərə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına həlak olub. “Mən ölərəm, Ağdamsızlığa dözə bilmərəm” deyən Milli Qəhrəmanımız son damla qanına kimi düşmənə təslim olmayıb.
Tədbirdə qəhrəmanın oğlu Şəhriyar Əliyev, qardaşı Aftandil Əliyev və döyüş yoldaşları Nadir Əliyevlə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən danışıb, döyüşlərdəki igidliyindən söz açıblar.
Sonda məktəbin direktoru çıxış edərək belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbir məktəbin şagirdlərinin ifasında ədəbi - bədii kompozisiya ilə başa çatıb.