“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə keçirilən “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının şəhər mərhələsi başa çatıb.
Bakı şəhərinin 12 rayonu üzrə keçirilən breyn-rinq yarışında 230 ümumtəhsil məktəbi iştirak edib. Beş nəfərdən ibarət komanda tərkibində təhsil müəssisələrində və şəhər üzrə keçirilən yarışmalarda ümumilikdə 5 minə yaxın məktəbli qatılıb. Bu işə təhsil müəssisələrindən 500-ə yaxın pedaqoji işçi-tərbiyə işləri üzrə direktor müavinləri, Uşaq Birliyi Təşkilatı rəhbərləri, metodistlər, ixtisas müəllimləri və cəlb olunub.
Rayonlar üzrə keçirilən yarışlarda komandalara təqdim olunan suallar ümumtəhsil məktəblərinin təbiət fənlərinin və məktəbdənkənar təhsil müəssisələrinin ekoloji dərnəklərinin tədris proqramlarına daxil olan ekoloji mövzuları əhatə edib.
İştirakçı komandalar yarışmalar zamanı ekoloji sahədə biliklərini nümayiş etdirib və digər belə yarışmalar üçün təcrübə əldə ediblər.
Bilik yaraşının növbəti mərhələsi Bakı şəhər zona turu olacaq. Zona turunda Zəngilan və Şuşa rayonlarından da bir komanda olmaqla ümumilikdə 14 komanda iştirak edəcək. Zona turunun ən yaxşı üç qalib komandası isə Respublika turunda iştirak etmək hüququ qazanacaq.