Milli Qəhrəman Səxavət Ələmdar oğlu Məhərrəmovun adını daşıyan Bakı şəhəri 106 nömrəli tam orta məktəbdə qəhrəmanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib. Tədbir öncəsi məktəbin bir qrup şagird və pedaqoji kollektivi Şəhidlər Xiyabanına gedərək Milli Qəhrəmanın məzarını ziyarət ediblər. Eyni zamanda şagirdlər məktəbin foyesində qəhrəmanın büstü önünə çiçəklər düzmüşlər.
Tədbirdə Səxavət Məhərrəmovun ailə üzvləri, sinif yoldaşları xatirələri ilə paylaşmış, şagirdlər vətənpərvərlik ruhunda şeirlər, mahnılar ifa etmişlər. Şagirdlərin ifasında müəllifi Qənirə Paşayeva olan “Şəhidim” adlı şerin səhnələşdirilmiş variantı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə qeyd olunub ki, Səxavət Ələmdar oğlu Məhərrəmov 1990-cı ildə 106 nömrəli tam orta məktəbi bitirib. 1991 - ci ilin noyabrında könüllü olaraq milli ordu sıralarına daxil olub, döyüş bölgələrində sücaətlə vuruşub. 1992 - ci il iyunun 27 - də Ağdərənin Möhrətağ kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və həmin ilin noyabr ayında Milli Qəhrəman adına layiq görülüb.
Sonda məktəbin direktoru çıxış edərək belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.