08.12.2015

“Açıq qapı” günləri davam edir

 

     Bakı şəhərinin 12 rayonu üzrə uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində keçirilən “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günləri davam edir.

     Bu gün  291 nömrəli Ekologiya Liseyində Nərimanov rayonu üzrə uğurlu nəticələr əldə etmiş məktəblərin mövcud təcrübələrini bölüşmək və həmkarları ilə fikir mübadiləsi aparmaq məqsədi ilə “Açıq qapı”  günü keçirilib.

     “Açıq qapı” günlərinin təşkil edilməsinin əsas məqsədləri məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaqdır.

     Eyni zamanda, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənlərinin və ibtidai təhsilin tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması və qiymətləndirilməsi “Açıq qapı” günlərinin əsas istiqamətlərindəndir.

       Nəzərinizə çatdıraq ki, dekabrın 8– də 291 nömrəli Ekoloji Liseydə keçirilən “Açıq qapı” günündə Nərimanov rayonu üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin rəsmi nümayəndələrinin, məktəb nümayəndələrinin, eskpertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb.  Eyni zamanda, açıq qapı günündə  biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə açıq dərslər keçirilib.

       Qeyd edək ki, Bakı şəhəri üzrə məktəb kollektivləri arasında təcrübə mübadiləsini genişləndirilməsinə, müasir təcrübələr və yanaşmalarla tanış olunmasına imkan yaradan Açıq qapı günləri dekabr ayının 22-dək davam edəcəkdir.