09.12.2015

“Azərbaycan folkloru” adlı xalq yaradıcılığı festivalı keçirilir

         

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Azərbaycan folkloru” adlı xalq yaradıcılığı festivalı  keçirilir. Festivalın keçirilməsində əsas məqsəd məktəbliləri xalqımızın milli - mənəvi irsi ilə yaxından tanış etmək, onları Azərbaycan folkloruna, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə etmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək vermək və  “İstedad bankı”nı zənginləşdirməkdir.

        Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin 6 - 17 yaşlı yetirmələri iştirak edirlər.

          Qeyd edək ki, festival xalq yaradıcılığının müxtəlif janrları - şеir, mahnı, muğam ifaçılığı, rəqs, musiqi alətində ifa, səhnəcik–xalq oyunları nominasiyaları üzrə keçirilir. Əsasnaməyə əsasən,  ifaçılar 5-10 dəqiqə ərzində seçdikləri janrlardan müəyyən bir fikri ifadə edən parçalar nümayiş etdirirlər.

        Hazırda festivalın I mərhələsi Bakı şəhərinin 12 rayonu üzrə seçim turları keçirilir. I mərhələdə hər nominasiya üzrə qalib olanlar şəhər mərhələsinə vəsiqə qazanacaq, şəhər mərhələsi isə 20-25 dekabr 2015-ci il tarixlərində təşkil olunacaqdır.

        Festivalın sonunda qaliblərin iştirakı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə  həsr olunmuş yekun konsertin də təşkil olunması nəzərdə tutulur.