10.12.2015

ƏSİRLİKDƏ OLAN ABİDƏLƏRİMİZ

 

    “Biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməyəcəyik."
      Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakızamanı dediyi sözlərdir.

       Məhz bu cümlələr 84 nömrəli məktəbin kollektivini “Əsirlikdə olan abidələrimiz” layihəsinə başlamağa sövq edib. Dekabrın 4-də A.Muradov adına 84 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Şuşa Rayon İcra Hakimiyyətinin qonağı olublar. Tədbirdə Şuşa RİH-nin başçısının müavinləri Əkbər Hacıyev, Vüsalə Fətəliyeva və Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov iştirak ediblər. 
Tədbiri giriş sözü ilə İcmanın rəhbəri Bayram Səfərov açıb. O, çıxışı zamanı Qarabağımızın tarixindən, onun tanınmış insanlarından, tarixi abidələrindən söhbət açaraq şagirdlərə məlumat verib. Bayram müəllim qeyd edib ki, ilk dəfədir ki, Bakı məktəbliləri bizim qonağımız olur.

     Görüşdə məktəblilərə torpaqlarımızın işğalı zamanı dağıdılmış abidələrimiz haqqında geniş məlumat verilib. Şuşa və orada olan abidələrimiz, habelə şuşalı tanınmış ziyalılarımız, şəxsiyyətlərimizdən bəhs edən film nümayiş etdirilib. Şagirdlər onları maraqlandıran suallarla natiqlərə müraciət ediblər. Onlar Şuşa haqqında hazırladıqları şeirleri tədbir iştirakçılarına çatdırıblar.

     Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva bildirib ki, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasında bu görüşlərin böyük əhəmiyyəti var. Biz gənclərimizə öz tariximizi, mədəni irsimizi dərindən anlatmalıyıq ki, onlar dövlətimizi hər yerdə qürurla təmsil edə bilsinlər.
      Məktəbin direktoru Nəsimi Quliyev bu layihənin gerçəkləşməsi üçün şərait yaradan Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova və İH-nin müavini Vüsalə xanıma məktəb kollektivi adından öz təşəkkürünü bildirib. 
Şagirdlər bu görüşdən xoş xatirələrlə ayrılıblar.