19.12.2015

“Biz vətən üçün doğulduq” adlı ədəbi - bədii gecə keçirilib

 

 

      İlk olaraq “Günəşli” yatağında baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir  xalq şairi Bəxtiyar  Vahabzadənin  öz dilindən səslənən “Allah” şeiri ilə başladı.  Daha sonra aparıcılar müdrik həyat düşüncələrini, dağlardan süzülüb gələn şəlalə kimi içindəki hissləri, duyğuları sətirlərə köçürən, söz, sənət dünyasını yeni incilərlə rövnəqləndirən, özünün dediyi kimi “təkcə bir ananın deyil, bütöv – böyük Azərbaycanın oğluna çevirilən” Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər. Tədbir iştirakçılarına Bəxtiyar Vahabzadə haqqında çəkilmiş televiziya filmindən fraqment təqdim olundu. Şairin  sözlərinə yazılmış “İlk andım vətəndir” mahnısının məktəbin xor dərnəyi tərəfindən ifası böyük rəğbətlə qarşılandı.

      Şairin yazdığı “Ana dili”, “Vətəndaş” , “Şəki” , “Mənim anam”, “Biz vətənçün doğulduq”, “Yaman darıxmışam”, “Özümdən narazıyam”, “Azərbaycan oğluyam”, rus və ingilis dilinə tərcümə olunmuş şeirləri kompozisiya şəklində, həmçinin sovet rejimində milli varlığı tapdanan, hər cür mərhumiyyətlərə məruz qalan millətinin dərdini dilə gətirdiyi “Özümüzü kəsən qılınc” pyesindən bir parça səhnələşdirilərək tamaşaçılara təqdim olundu. Musiqinin müşayiət etdiyi “Muğam” qəzəli, “Məhəbbət” şeiri, “Gecələr”, “Unuda bilmirəm” mahnıları tədbirə xüsusi rəng qatdı.

    Tədbirin bədii hissəsi “Axı dünya fırlanır” şeirinin səslənməsi ilə bitdi. Ədəbi hissədə söz tədbirin qonaqlarına verildi. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı poeziya aləminə qədəm qoyduğu gündən ömrünün sonuna qədər qəlbi vətən məhəbbəti, millət sevgisi ilə döyünən, Azərbaycan ədəbiyyatının, bütövlüklə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi olan mütəfəkkir şair haqqında öz xatirələrini danışdı. Sonda məktəbin direktoru  Almaz  Bayramova çıxış edərək Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən xalqının azadlıq və istiqlaliyyət uğrundakı ədalətli mübarizəsinə qoşulmuş Bəxtiyar Vahabzadənin qələmə aldığı şeir və poemaların yetişməkdə olan gənc nəslə əsl örnək olduğunu vurğuladı və tədbirdə iştirak edən qonaqlara: şair Sabit Rüstəmamxanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi Ləman xanıma, Bakı şəhər Baş Təhsil İdarəsinin metodistlərinə, valideynlərə  təşəkkürünü bildirdi.