19.12.2015

“Uşaqlar və yol təhlükəsizliyi” layihəsinə yekun vurulub

 
     Küçə və yollarda təhlükəsiz davranış qaydalarını öyrətmək məqsədilə  “Uşaqlar  və yol təhlükəsizliyi” mövzusunda keçirilən silsilə tədbirlərə yekun vurulub. Beş raunddan ibarət viktorina şəklində olan tədbir  Azərbaycan və rus bölmələri üzrə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və  245 nömrəli tam orta məktəbdə  keçirilib. İki gün ərzində təşkil olunan tədbirdə 60, 151, 164, 245, 270 və “Uniser” məktəblərinin 300-ə qədər şagirdinin  iştirakı təmin edilib.
     Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı mütəxəssisi Rövşən Əliyev, Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin əməkdaşı polis mayoru Deystani İsa, Bakı şəhər DYP İdarəsinin polis polkovniki Vaqif Əsədov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı Rasim Abdullayev, Bakı şəhər DYP İdarəsinin polis mayoru Fazil Əfəndiyev, Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları iştirak etmişlər.
       Tədbirdə  rəsm, musiqi, kompüter təqdimatları, divar qəzetləri və viktorina nominasiyalarında qalib gəlmiş komandalar münsiflər heyəti tərəfindən müəyyənləşdirilmiş, qiymətləndirmə DYP İdarəsinin əməkdaşları tərəfindən aparılmışdır. 
       Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan bölməsi üzrə 151, 245, 270, rus bölməsi  üzrə Uniser ümumtəhsil məktəbi və 245 nömrəli tam orta məktəblərin komandaları I yerə layiq görülüblər. Qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, DYP İdarəsinin, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin diplomları və “Azərsun Holdinq”  şirkətlər qrupunun hədiyyələri təqdim edilib.