29.12.2015

“Birliyimiz gücümüz, qüdrətimizdir” mövzusunda seminar - müşavirə keçirilib

 

       28 dekabr 2015 – ci il tarixində 276 saylı məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günününə həsr olunan seminar - müşavirə keçirilib. 
       Qeyd edək ki, müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik Günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən “Birliyimiz gücümüz, qüdrətimizdir” mövzusunda keçirilib. Müşavirədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, idarənin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
       Tədbiri giriş sözü ilə açıq elan edən BŞTİ – nin müdir müavini Dünya Azərbaycanlılarının Həmrəylik Günü mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəsində Hüseyn Əsgərov bildirib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Müdir müavini dahi lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilən milli-mənəvi birliyə çağırış gününün ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoyduğunu qeyd edib. Sonda Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlərin də xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirildiyini bildirərək məhz bu mənəvi birlik və milli həmrəyliyin dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət etdiyini qeyd edib.
        Giriş sözündən sonra diaspor quruculuğunun banisi olan Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri olan Dünya azərbaycanlılarının birinci qurultayından, diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verən Dünya Azərbaycanlılarının II və III qurultaylarının keçirilməsindən bəhs edən video - çarx nümayiş olunub.
        Müşavirədə MLK – nın tarix müəllimi Elmira Abbasova və 215 saylı məktəbin tarix müəllimi Yaqubov Eynur məruzə ilə çıxış edərək dekabrın 31 - nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunmasının milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olduğunu qeyd ediblər.
        Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun nümayəndəsi Tural Mirzəliyev, 53 saylı məktəbin direktoru Firəngiz Həsənova, 246 saylı məktəbin direktoru Almaz Bayramova, 171 saylı məktəbin tarix müəllimi Həcər Əlişova da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.