29.12.2015

“Nağıllar aləminə səyahət”

         

       Yeniyetmələrin 23 nömrəli  Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 95 nömrəli tam orta məktəbdə “Nağıllar aləminə səyahət” adlı tədbir keçirilmişdir. Məktəblilərdə Azərbaycan nağıllarına olan marağı daha da artırmaq, mütaliə vərdişlərini təkmilləşdirərək mütaliə mədəniyyətini formalaşdırmaq məqsədilə təşkil olunmuş tədbirdə dərnək üzvləri “Cırtdan”, “Tıq-tıq xanım”, “Qırmızıpapaq”, “Tülkü həccə gedir”, “Şir, Qurd və Tülkü” nağıllarından kiçik parçalar səhnələşdirmiş, nağıl qəhrəmanlarının dili ilə musiqilər ifa edərək rəqslər nümayiş etdirmişlər.

       Nağıl qəhrəmanları rolunda çıxış edən şagirdlər tədbirdəki tamaşaçılara bir daha nağılları sevdirmiş, müəllim və valideyn kollektivini  isə bir anlıq  uşaqlıq aləminə qaytarmışdır.

       Tədbirdə 95 saylı tam orta məktəbin direktoru Fuad Babayev, Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin direktoru Könül Hüseynova, həmin müəssisənin şöbə müdirləri və müəllim kollektivi iştirak etmişlər.

      Tədbir  maraqlı səhnəciklərlə yadda qalmış və iştirakçılar və qonaqlarda  nikbin əhval ruhiyyə yaratmışdır.