29.12.2015

MƏKTƏBLİLƏR ARASINDA XXVIII SPARTAKİADANIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

 

       25 dekabr 2015 – ci il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən birgə təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq paytaxt məktəbliləri arasında XXVII spartakiadanın bağlanışı və XXVIII spartakiadanın açılışına həsr olunan tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elnur Əlizadə, Bakı şəhəri üzrə rayon gənclər və idman idarələrinin rəisləri, fəal gənclər və şagirdlər iştirak edib.

       Tədbirdə çıxış edənlər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan danışıb, sağlam nəslin böyüməsində spartakiadanın böyük əhəmiyyəti olduğunu bildiriblər.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov çıxış edərək tədbir iştirakçılarını 2014 – 2015 – ci tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında keçirilən XXVII spartakiadanın gedişatı və yekunları ilə bağlı məlumatlandırıb.

       Qeyd edək ki, Bakı şəhər məktəbliləri arasında XXVII spartakiadanın bütün növləri üzrə keçirilən yarışlardan sonra ümumi xallar hesabına görə Nərimanov rayonu 36 xalla I, Xətai rayonu 40 xalla II, Sabunçu rayonu 53 xalla III, Səbail rayonu 55 xalla IV, Qaradağ rayonu 76 xalla V , Suraxanı rayonu 78 xalla VI, Binəqədi rayonu 82 xalla VII, Yasamal rayonu 90 xalla VIII, Nəsimi rayonu 106 xalla IX, Xəzər rayonu 128 xalla X və Nizami rayonu 152 xalla  XI yerləri  tutub.

       Açılışda 2015  – 2016 - cıtədris ili müddətində paytaxt məktəbliləri arasında keçiriləcək XXVIII spartakiadanın proqramına daxil olan idman növlərinin adları və keçirilmə tarixləri də açıqlanıb.

     XXVII spartakiadanın yekunları haqqında məlumat verildikdən sonra mükafatlandırılma mərasimi başlayıb. İlk öncə XXVII spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda I yerləri tutan rayon komandalarının müəllimləri diplom və xatirə hədiyyələri ilə təltif olunub.

        Daha sonra Bakı şəhər məktəbliləri arasında XXVII spartakiadanın yekun nəticələrinə əsasən, III yeri tutduğuna görə Sabunçu, II yeri tutduğuna görə Xətai, I yeri tutduğuna görə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri kubok və müvafiq dərəcəli diplomlarla təltif olunublar.