30.12.2015

"Vətənimi və təbiəti sevirəm" müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

     Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "Yaşıl qələm" təhsil şəbəkəsinin və 291 № li Ekologiya liseyinin birgə hazırladığı "Vətənimi və təbiəti sevirəm" adlı layihə oktyabr ayında öz işinə başlamışdır. Layihənin şərtlərinə əsasən, liseyin şagirdləri arasında vətən, tarixi abidələr, ekologiya, təbiət və.s mövzularla bağlı esse və rəsm müsabiqələri keçirilmişdir.

       Ekologiya liseyinin şagirdlərinin böyük maraq və həvəslə iştirak etdiyi bu layihə 29 dekabr tarixində yekunlaşmışdır. Bu münasibətlə liseydə qaliblərin mükafatlandırılması üçün tədbir keçirilmişdir.

    Tədbirdə Təhsil Nazirliyinin Təhsil sektorunda İctimaiyyətlə əlaqələrin inkişafı üzrə koordinatoru Elçin Sərdarov,  Azərtac Uşaq Bilik Portalının  şöbə müdiri Elşən Şahbalayev, Azərtac Uşaq Bilik Portalının rəhbəri Nigar Hüseynova, Azərtac Uşaq  Bilik Portalının  əməkdaşları Elvira Sərdarova, Gözəl Ağayeva, liseyin direktoru Sevinc Orucova, müsabiqənin iştirakçıları və onların valideynləri iştirak etmişdir.

       Tədbiri giriş sözü ilə IX sinif şagirdi Səma Ağaməmmədova açaraq qonaqları, tədbir iştirakçılarını salamlamış, sözü liseyin direktoru Sevinc Orucovaya vermişdir. Sevinc Orucova  qonaqlara liseyin fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra çıxış üçün söz Elçin Sərdarova təqdim edilmişdir. Elçin Sərdarov öz çıxışında layihənin mahiyyətindən danışaraq liseyin şagirdlərləri ilə bundan sonra da əməkdaşlıq edəcəyini bildirmişdir. Tədbirdə çıxış edən Gözəl Ağayeva Uşaq Bilik Portalı haqqında ətraflı məlumat verərək şagirdləri bu portaldan yararlanmağa  dəvət etmişdir.

         Sonda esse və rəsm nominasiyaları üzrə  I, II, III yerin qalibləri diplom və hədiyyələrlə, iştirakçılar isə sertifikatlarla təltif edilmişdir.