Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır.
Müxtəlif ölkələrin tarixi, mədəniyyəti, mənəvi dəyərlərini böyüməkdə olan gənc nəslə sevdirmək, insanlar arasında qarşılıqlı anlaşma, hörmət hisslərini formalaşdırmaq, dostluq və əməkdaşlıq münasibətləri yaratmaq məqsədilə 246 nömrəli tam orta məktəbin kollektivi I-II sinif şagirdləri ilə birgə tədbir keçiriblər.
Məktəbdə sinif otaqlarını Azərbaycan və müxtəlif dünya dövlətlərinin - Türkiyə, Özbəkistan, Çin,Yaponiya, Braziliya, Rusiya, İngiltərə, Hindistan, Fransa, Misir, Gürcüstan, İtaliya, Amerikanın dövlət atributları, şəhərlərin, tarixi abidələrin şəkilləri ilə bəzənilib.
Şagirdlər təmsil etdikləri dövlətin milli geyimlərində qonaqları salamlayaraq həmin dövlətin adət-ənənələri, tarixi keçmişi, milli mətbəxi, təsərrüfatı, incəsənəti haqqında ətraflı məlumat veriblər. Şagirdlərin həmin ölkələrin dövlət dilində söylədikləri şeirlər, oynadıqları rəqslər və ifa etdikləri mahnılarla qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
“Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə məktəb icmasının, valideynlərin və müəllimlərin birgə hazırladıqları tədbir hamıda sevinc, xoş əhval-ruhiyyə yaradıb. Məktəbin 2 b sinfində inkluziv təhsilə cəlb olunmuş şagirdi Ağamalıyev Murad fransız dilində yeni il təbriki deyərək tədbir iştirakçılarını çox təsirləndirib.