Yanvarın 11-də 5 nömrəli məktəbdə şahmat üzrə üçqat Azərbaycan çempionu, Avropa çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, Bakı şəhəri 5 nömrəli tam orta məktəbin məzunu, ömrünün 28-ci ilində dünyasını dəyişmiş görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun anım günü keçirilib.
Bununla əlaqədar Vüqar Həşimovun əziz xatirəsinə böyük ehtiram əlaməti olaraq doğma məktəbinin təşkilatçılığı və mərhumun ailəsinin dəstəyi ilə 2-4-cü sinif şagirdləri arasında “Fəxrimiz Vüqar” adı altında şahmat üzrə turnir keçirilib.
Turnirin iştirakçılarına ilk öncə Avropa çempionunun keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışılıb və daha sonra rejissor Ülviyyə Könülün "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli filmi nümayiş etdirilib.
Turniri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü “Qoy, güclü qalib gəlsin” deyərək, bütün iştirakçılara bu memorialda uğurlar arzulayıb.
Mərasimdə Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva qalibləri təbrik edib, bu kimi turnirlərin əhəmiyyətini xüsusilə vurğulayıb. O,qardaşının qısa, lakin şərəfli ömür yolunun gənc şahmatçılarımıza hər zaman nümunə olacağını əminliklə qeyd edib.
Gərgin keçən yarış günün ikinci yarısında qaliblərin təltif olunma mərasimi ilə başa çatıb. Məktəb rəhbərliyi ailə üzvləri ilə birlikdə turnirin bütün iştirakçılarına xatirə hədiyyələri paylayıb, qaliblər Novruz Əhmədov (1-ci yer), Əli Mövsümzadə (2-ci yer) və Lalə Ağayevanı (3-cü yer) fəxri diplom, hədiyyə və kuboklarla təltif ediliblər.