15.01.2016

On iki məktəb mükafatlandırıldı

      14 yanvar tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən üç il ardıcıl irəliləyiş əldə etmiş məktəblərin direktorlarının təltifolunma mərasimi təşkil olundu.

         Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdiri Məhəbbət xanım Vəliyeva IX siniflərin nəticələrinin son illər xüsusilə diqqət mərkəzində saxlandığını və bu sahədə 14 faiz artımın olduğunu diqqətə çatdırdı. Eyni zamanda müəllimlərin fənn biliklərinin artırılması, onların ixtisasartırma təlimlərinə cəlb olunmasının vacibliyinə toxunan idarə müdiri bu sahədə islahatların aparıldığını, müəllimlərin ehtiyaclarına uyğun təlimlərin keçiriləcəyini vurğuladı.  Paytaxtda aşağı nəticə göstərmiş 35 məktəbin olduğunu  qeyd edən Məhəbbət xanım bu məktəblərin problemlərinin araşdırıldığını və tezliklə onlara lazımi yardımın göstəriləcəyini söylədi.

         Məktəb direktorunun bacarığından, liderlik qabiliyyətindən bir çox məsələlərin asılı olması, həmçinin düzgün komanda şəklində iş qura bilmənin vacibliyinin də ifadə olunduğu görüşün sonunda Bakının 21,75, 108, 118, 127, 178, 183, 188, 208, 209, 259 və 315 nömrəli məktəblərin direktorlarına Fəxri Fərman və gül dəstələri təqdim olundu, xatirə şəkli çəkdirildi.