08.02.2016

Milli Qəhrəman Mübariz İbrahimov doğum günündə anılıb

 

1988-ci il fevral ayının 7-də Biləsuvarın Əliabad kəndində dünyaya gələn Mübariz İbrahimov hər zaman zəhmətsevərliyi və vətənpərvərliyi ilə seçilib. 6 il əvvələ kimi onun ad günü öz ailəsində qeyd olunurdusa, bu gün bütün Mübarizsevərlər üçün əlamətdar günlərdən hesab olunur.

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə ölkənin müxtəlif  bölgələrindən Mübarizsevərlər həm onun doğulub boya-başa çatdığı evi, həmdə Milli Qəhrəmanın məzarını ziyarət ediblər.

Bakı şəhərində yerləşən 230 nömrəli məktəb də artıq 4 ildir ki, Mübariz İbrahimovun doğum günü ərəfəsində silsilə tədbirlər həyata keçirir. Bu il də 230 nömrəli məktəbin təşəbbüsü ilə  Milli Qəhrəman 2-ci Fəxri Xiyabandakı məzarı başında  anılıb. Bakı şəhərinin  24, 31, 60, 67, 84, 113, 114, 214, 245, 319, 322 , 323, 324 nömrəli məktəblər, Fizika Riyaziyyat Təmayüllü Lisey, Kimya-Biologiya təmayüllü lisey, Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası, 38 saylı Texniki Yaradıcılıq Mərkəzi və Füzuli rayonu 5 nömrəli tam orta məktəbin 1000 nəfərdən çox şagird və müəllim heyəti Mübariz İbrahimovun məzarını ziyarət edərək şəhidin qəbri üzərinə güllər düzüblər.

Milli qəhramanın məzarını ziyarət edən təhsil işçiləri vətəni uğrunda canından keçmiş Milli Qəhrəmanı xatırlamağı özlərinə borc bildiklərini deyiblər.

Ziyarətə gələn məktəblərin şagirdləri Mübariz İbrahimovun məzarı önündə Milli Qəhrəmana həsr olunan şeir kompozisiyaları ilə çıxış ediblər.