08.02.2016

SABAH tələbələri “Sağlam təhsil sinifləri”ndə

SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan III kurs tələbələri üçün təcrübə proqramı təşkil olunub.

Tələbələr fevralın 1-dən Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübə keçirlər. Təcrübənin fevralın 12-dək davam etməsi nəzərdə tutulur.

Təcrübə müddətində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin metodistləri, psixoloqu, pedaqoqu eyni zamanda ADPU SABAH mərkəzinin rəhbəri mütəmadi olaraq sinifləri ziyarət edir və gənc müəllimlərə dəstək olurlar.

Təcrübə proqramının yekununda tələbələrin planlaşdırdıqları açıq dərs izlənəcək və onlar əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə təqdimat edəcəklər. Davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, aktivlik və digər meyarlar üzrə metodist, psixoloq, sosioloq və sərbəst müşahidəçilər tərəfindən qiymətləndirilən tələbələr sonda Təhsil Nazirliyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin sertifikatını əldə edəcəklər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH  qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir.

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.


Açar sözlər: ,  ,  ,