10.02.2016

“Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən şəhərin  təhsil müəssisələrində “Dövlət bayrağının  tarixi” mövzusunda səyyar mühazirələr keçirilir. Xüsusi cədvələ əsasən təşkil olunan mühazirələrdə əməkdaşlar slaydlardan istifadə edərək mövzu ilə əlaqəli    şagirdləri məlumatlandırırlar.

Qeyd edək ki, keçirilən tədbirlərin əsas məqsədi gənc nəslin  vətənpərvərlik   ruhunda tərbiyə olunması  və onlara dövlətçilik tarixinin öyrədilməsidir.

Bakı şəhəri 8, 17, 61, 239 nömrəli tam orta məktəblərdə keçirilən  mühazirələrdə məktəblilərə Azərbaycan bayrağının  bugünkü günümüzə qədər  keçdiyi tarixi yol  haqqında  məlumat verilmiş, dövlət bayrağının  milli birliyin nişanəsi, mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu, onların mövcudluğunu  göstərən  rəmz  olduğu  qeyd  edilmişdir.

Dinləyicilərə döş nişanları və “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda bukletlər paylanılmışdır. Böyük ideoloji əhəmiyyət kəsb edən mühazirələr şagirdlər tərəfindən  maraqla dinlənilmişdir.

Təhsil müəssisələrində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən belə mühazirələrin təşkili davam edir.


Açar sözlər: ,