11.02.2016

186 nömrəli tam orta məktəbdə maarifləndirici mövzularında tədbir təşkil edilib.

Bakı  şəhəri 186 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” və “Yetkinlik yaşına çatmayanlara baxımsızlıq və hüquq pozuntuları “ mövzularında  tədbir  keçirilmişdir. 

Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları - Namiq Hüseynov və Mehdi Bünyadov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva, məktəb rəhbərliyi, məktəbin müəllim heyəti və IX-X sinif şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arif Xankişiyev bu kimi tədbirlərin şagirdlər üçün maarifləndirici əhəmiyyətindən danışmış və çıxış üçün sözü Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımova vermişdir. Elman Kazımov öz çıxışında qeyd edib ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. “Ümummilli liderimiz Heydər Əliyev bu təhlükəni görüb ona qarşı mübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996-ci ildə Dövlət Komissiyası yaratmışdır. Bu gün Ulu öndər Heydər Əliyev kursunu onun  layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident narkomaniya ilə mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə sayca dördüncü olan müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair   2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.”

Tədbirdə narkomaniya əleyhinə şüarlarla çıxış edən qonaqlar narkomaniya xəstəliyinin bütün insanları əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılmasının vacibliyini xüsuslilə qeyd etmişlər.

Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı çıxış etmişlər.

Tədbirin sonunda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş etdirilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

 


Açar sözlər: ,