12.02.2016

“Sağlam Təhsil-Sağlam Millət” siniflərində ADPU-nun Sabah qrupu tələbələrinin təcrübə nəticələrinin təqdimat mərasimi keçirildi

Xəbər verdiyimiz kimi, SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan III kurs tələbələri üçün təcrübə proqramı təşkil olunub. Tələbələr fevralın 1-dən etibarən Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübə keçiblər. Təcrübə müddətində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin metodistləri, psixoloqu, pedaqoqu eyni zamanda ADPU-nun SABAH mərkəzinin rəhbəri mütəmadi olaraq sinifləri ziyarət etmiş və gənc müəllimlərə dəstək olmuşlar.

Bu gün Bakının M.Müşfiq adına 18 nömrəli tam orta məktəbində təcrübə proqramının nəticələrinin təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova qonaqları salamladıqdan sonra belə bir tədbirin məhz 18 nömrəli tam orta məktəbdə keçirildiyi üçün sevincini bölüşdü. Daha sonra tələbələrin  əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə hazırladıqları təqdimatları nümayiş olundu. Təcrübə keçdikləri məktəblərdə adi və “sağlam təhsil” siniflərində həyata keçirilən təhsil prosesini müqayisəli təhlil edən tələbələrin təqdimatları böyük maraqla qarşılandı və geniş müzakirə olundu. Davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, aktivlik və digər meyarlar üzrə metodist, psixoloq, sosioloq və sərbəst müşahidəçilər tərəfindən qiymətləndirilən tələbələrə müvafiq tapşırıqlar verildi.

Qeyd edək ki,  “Sağlam Təhsil-Sağlam Millət” layihəsi  ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət etmək məqsədi daşıyır.


Açar sözlər: ,  ,