14.02.2016

Qaliblərin mükafatlandırılma mərasimi keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Sabahın alimləri V Respublika Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il  keçirilən Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Nəzərinizə çatdırak ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.

Üç gün davam edən müsabiqədə münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılıb, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərib, ölkəmizin görkəmli alimləri ilə şagirdlərin görüşü keçirilib.

Mükafatlandırılma mərasimindən öncə, günün birinci yarısında “Açıq qapı” saatlarında Bakı şəhərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olub, layihə sahiblərinin təqdimatlarını dinləyiblər.

Müsabiqənin mükafatlandırma mərasimində layihənin davam etdiyi 3 gün ərzində məktəblilərin müsabiqədə iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Tədbir çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin məqsəd və mahiyyətindən söz açıb, şagirdlərin elmə dəvət edilməsində bu kimi müsabiqələrin əhəmiyyətini xüsusilə vurğulayıb. O, mərasimdə iştirak edən məktəblilərə səslənərək ölkənin gələcəyinin onlardan asılı olduğunu qeyd edib.

Sonda müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub. Müsabiqədə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 7, 27, 60, 245, 177, 278 nömrəli məktəblər, 291 nömrəli ekologiya liseyi, 16 nömrəli texniki-humanitar lisey, Məktəb Lisey Kompleksi müxtəlif nominasiyalar üzrə I, II, III yerlərə layiq görülüblər.

Münsiflər heyəti tərəfindən seçilmiş Akademik Zərifə Əliyeva adına liseyin və Avropa liseyinin şagirdləri cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək imkanı qazanıblar.

 


Açar sözlər: ,  ,  ,