Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi tərəfindən “Qış mövsümündə yol hərəkətini təhlükəsiz başa vuraq!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Məlumdur ki, qış aylarında hava şəraiti ilə əlaqədar piyadalar daha diqqətli olmalıdır. Çünki yağışlı və qarlı havada yolu keçmək çətinləşir. Sürücülər çox vaxt belə havada yolu keçən piyadanı pis görür və yol sürüşkən olduğundan avtomobili dayandırmaq çətinləşir. Buna görə də qış mövsümündə uşaqlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir.
Mərkəz tərəfindən belə maarifləndirmə işləri yanvar ayından başlamış və fevral ayında da davam etdirilir.
Məşğələlərin keçirilməsində məqsəd məktəblilərə təhlükəsiz davranış qaydalarını öyrətmək, onların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdir.
Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə 12 fevral 2016-cı il tarixində “Qış mövsümündə yol hərəkətini təhlükəsiz başa vuraq!” mövzusunda keçirilən məşğələdə 30-dan çox ibtidai sinif şagirdi iştirak edib. Bakı şəhəri 126 nömrəli tam orta məktəbdə keçirilən məşğələdə isə 35 məktəblinin iştirakı təmin olunub. Məşğələlərdə şagirdlər öyrəndikləri yol nişanlarından kompüter təqdimatları hazırlayraq bu nişanlar haqqında izahat veriblər.
Sonda uşaqlara yol hərəkət qaydalarına aid vəsaitlər hədiyyə olunub. Fərqlənən uşaqlar Mərkəzin Fəxri Fərmanları ilə təltif ediliblər.
Qeyd edək ki, belə məşğələlər Bakı şəhəri 1, 32, 45, 47, 54, 96, 132 nömrəli tam orta məktəblərdə də təşkil olunub.