18.02.2016

İsa Muğannanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Fevralın 16-da 21 nömrəli tam orta məktəbdə fənn aylığı çərçivəsində Azərbaycan dili və ədəbiyyatı üzrə yazıçı İsa Muğannanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə yazıçının zəngin ədəbi irsinə, həyat və yaradıcılığına toxunulub, onun ssenari müəllifi olduğu filmlərdən süjetlər nümayiş etdirilib.

Tədbirdə qonaq qismində iştirak edən tanınmış aktyor və rejissor Şeyx Əbdül Mahmudov İsa Muğannanın təkcə bir yazıçı kimi deyil, həm də bir filosof və düşüncə adamı olaraq Azərbaycanın hüdudlarından kənarda tanındığını qeyd edib,  onun ssenari müəllifi olduğu filmlərin çəkilişi barədə bir sıra maraqlı məqamlardan danışıb.

Tədbirin qonağı olan İsa Muğannanın ədəbi irsini yenidən nəşr etdirmiş “Hədəf” Nəşrlər Evinin direktoru, yazıçı-publisist Şəmil Sadiq yazıçı barədə ürək sözlərini və xatirələrini bölüşüb. O, İsa Muğannanın yenidən çap olunmuş əsərlərini məktəbin kitabxanasına hədiyyə edib.

İsa Muğannanın yaradcılığına həsr edilmiş tədbirdə məktəbin direktoru Ceyhun Bayramlı da çıxış edib. O, yazıçının çağdaş Azərbaycan ədəbiyyatına, Azərbaycan kinematoqrafiyasına və Azərbaycan fəlsəfi fikrinə verdiyi danılmaz töhfələrdən danışıb, onun çoxşaxəli fəaliyyətinin hələ uzun illər tədqiq olunacağını qeyd edib.

Tədbirdə məktəbin şagirdləri də fəal iştirak ediblər. Belə ki, şagirdlərin ifasında İsa Muğannanın əsərlərindən epizodlar səhnələşdirilib. 

 


Açar sözlər: ,