23.02.2016

“Şeirimizin qəzəl xanı” 

Bakı şəhəri 293 nömrəli  tam orta  məktəbdə qəzəlxan şair Əliağa Vahidin doğum gününə həsr olunmuş “Həmişə mən varam aləmdə” adlı ədəbi-bədii gecə təşkil edilmişdir.

Tədbirdə  “Vahid Poeziya Evi "nin   müdiri Hacı Rafiq, Azərbaycan Opera və Balet Teatrının solisti,  Respublikanın Əməkdar artisti İsmayıl Ələkbərov, Sabunçu rayonu 28 saylı III DSK sədri Hacıbala Babayev, gənc  şair və yazarlar, aktyorlar və bir sıra təhsil müəssisələrinin direktorları iştirak etmişdir.

Ölməz qəzəlxanın yaradıcılığı haqqında şagirdlərə məlumat vermək, qəzəl janrını onlara sevdirmək  məqsədilə təşkil edilən tədbirdə şairin  lirikası, satirik şeirləri, şair haqqında xatirələr və əhvalatlardan nümunələr dinlənilmiş, Əliağa  Vahid  yaradıcılığından  qəzəllər söylənilmiş, səhnəciklər göstərilmişdir.

Çıxış edənlər Füzuli  ənənələrinin  davamçısı olan  Əliağa Vahidin  Azərbaycan ədəbiyyatında  qəzəl janrının  görkəmli nümayəndəsi  olduğunu qeyd etmiş, qəzəllərinin  poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçildiyi vurğulanmışdır.     

Eyni zamanda  xanəndələrin repertuarında  şairin qəzəllərinin mühüm yer tutduğu  bildirilmişdir.

Tədbirdə şairin qəzəllərinə bəstələnmiş musiqilər ifa olunmuş, qəzəlxanla bağlı videoçarx nümayiş etdirilmişdir.