23.02.2016

Şahmatçımızın nailiyyətləri

Son illər Azərbaycan idmançılarının müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı, Avropa kuboku, beynəlxalq turnir və olimpiya yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərir. Azərbaycanda idmanın hər bir sahəsində güclü və istedadlı idmançılar yetişir. Belə idmançılardan biri də 2004 - cü il dekabrın 13-də Bakıda anadan olan Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin yetirməsi, ikiqat Azərbaycan çempionu, məktəblilər arasında sürətli şahmat üzrə dünya və Avropa çempionatının ikincisi, şahmat üzrə beynəlxalq dərəcəli  ustalığa namizəd Əhmədzadə Əhməd Samir oğludur. Qeyd edək ki, Əhməd 2010 - cu ildən şahmatla məşğul olmağa başlayıb.  Hal - hazırda 6 nömrəli məktəb-liseyin 5-ci sinifində oxuyan gənc idmançı dəfələrlə beynəlxalq yarışlarda iştirak edərək qazandığı uğurlarla Azərbaycanın adını yüksəklərə qaldırıb.

Belə ki, Əhməd Əhmədzadə 2012-ci ilin 6-13 iyul tarixlərində şahmat üzrə Gürcüstanın Kutaisi şəhərində 8 yaşlılar arasında keçirilən Avropa kubokunda, 2013-cü ilin 20-28 iyun tarixlərində 9 yaşlı şahmatçılar arasında keçirilən Avropa çempionatında, 2014-cü ilin iyun ayının 13-dən 27-nə kimi Yunanıstanın Kavala şəhərində 11 yaşlı məktəblilər arasında keçirilən dünya çempionatında II yerin sahibi olub.

Bundan başqa, Əhməd şahmat üzrə 2015-ci ilin iyun ayının 13-dən 23-nə kimi keçirilən Azərbaycan çempionatında və həmin ilin dekabr ayında kişilər arasında keçirilən Azərbaycan çempionatında I yerə  layiq görülüb.

Gənc idmançımıza bundan sonrakı yarışlarda da uğurlar əldə etməyi, həmişə zirvələrdə qalmağı, qələbələrdən ilhamlanaraq irəliləyib dünya çempionu, olimpiya çempionu adını qazanmasını arzulayırıq.


Açar sözlər: ,