11.03.2016

Fənn müsabiqələrinin qalibləri mükafatlandırıldı

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması” mərasimi keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri, məktəb direktorları, müsabiqə qalibləri və valideynlər iştirak edib.

Tədbir 160 nömrəli Klassik Gimnaziyanın “Xor” ansamblının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ – nin müdiri Məhəbbət Vəliyeva bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyərək müsabiqə qaliblərini təbrik edib onlara daha böyük nailiyyətlər arzulayıb. Məhəbbət Vəliyeva şagirdlərin erkən yaşlarında qazandıqları hər kiçik qələbənin gələcək həyatlarında böyük rolu olacağına, onlar arasından dünya fənn olimpiadalarının qaliblərinin yetişəcəyinə və ölkəmizdə dövlətçiliyimizin qorunub saxlanılmasının inkişafına xidmət edən şəxsiyyətlərin formalaşacağına əmin olduğunu bildirib. Məhəbbət Vəliyeva həmçinin onu da bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini bir daha təbiət elmlərinə yönəltmək və dəqiq fənlər üzrə onların hərtərəfli, mükəmməl biliyə yiyələnməyinə xidmət etməkdir.

Tədbirdə çıxış edənlərdən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ – nin müdir müavini Hüseyn Əsgərov, idarənin sektor müdiri Sevinc Rəsulova və “Gənc İstedadlar” liseyinin direktor müavini, Bakı Dövlət Universitetinin dosenti Məleykə Bayramova da qalibləri təbrik edərək ölkə prezidenti İlham Əliyev tərəfindən təhsilə göstərilən dövlət qayğısından danışıblar. Çıxış edənlər fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini də bölüşüblər.

Tədbirə Bakı şəhəri 24 № - li Uşaq Yaradıcılıq Mərkəzinin “Səma” rəqs qrupunun ifasında “Sevinci” rəqsi və 25 № - li Uşaq Yaradıcılıq Mərkəzinin “Nağaraçalanlar” ansamblının ifası daha da rəngarənglik qatıb. 166 saylı məktəbin X sinif şagirdi Əzizə Məhərrəmovanın ifasında səsləndirilən “Sarı Gəlin” tədbir iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” 25 avqust 2015-ci il tarixli 912 nömrəli əmrinə əsasən 2015-ci ilin noyabr və dekabr, 2016-cı ilin yanvar aylarında Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında riyaziyyat, VIII sinif şagirdləri arasında isə fizika, kimya, biologiya fənləri üzrə üç mərhələdə müsabiqələr keçirilib. Ümumilikdə 2212 şagirdin iştirak etdiyi müsabiqələrin nəticələri təhlil edilmiş və yüksək göstəricilər əldə etmiş şagirdlər müəyyənləşdirilib. Fənn müsabiqələrinin Bakı şəhəri üzrə 3 mərhələsinin yekununa əsasən 94 nəfər qalib olub.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,  ,