01.04.2016

Təhsil müəssisələrində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş  tədbirlər keçirilib

Hər il olduğu kimi, bu il də təhsil müəssisələrində  31 Mart – Azərbaycanlıların Soyqırımı Günü böyük bir hüznlə anılıb. Bu məqsədlə ədəbi-bədii kompozisiyalar, disputlar, açıq dərslər, sərgilər təşkil edilib. Tədbirlərdə soyqırıma məruz qalmış qurbanların xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Şagirdlərə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi  haqqında geniş məlumat verilib.

Tədbirlərdə mart ayının 31-inin ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edildiyi bildirilib. İki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlarının coğrafiyasının  geniş olduğu, təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı qeyd olunub. Çıxış edənlər 31 Mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək, bu hadisənin bir soyqırımı aktı olduğunu bildiriblər.

Tədbirlərdə şagirdlər Quba məzarlığını virtual olaraq izləyərək öz hisslərini şeirlər, bayatılar vasitəsilə ifadə ediblər.

Təhsil müəssisələrində  1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Təşkil olunan sərgilərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını əks etdirən  əsərlər nümayiş olunub.


Açar sözlər: