23.04.2016

Bakıda “Oxu Günü”  keçirilib

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Zorge” parkında kütləvi “Oxu Günü”  keçirilib.

Qeyd edək ki, layihənin hədəfi mütaliəyə diqqətin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Layihənin açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, tanınmış yazıçılar Çingiz Abdullayev və Aqil Abbas, layihənin ideya müəllifi Şəmil Sadiq iştirak edib. Açılışda iştirak edən qonaqlar çıxış edərək kitab haqqında bir-birindən dəyərli fikirlər səsləndiriblər. Onlar gəncləri oxumağa səsləyərək bütün problemlərin açarının mütaliədə olduğunu qeyd ediblər.

Tədbir müddətində fəal oxucular, müəlliflər, tanınmış insanlar, tədbirdə iştirak edən məktəblilər və digər qonaqlar  bir-birinə qarşılıqlı kitab hədiyyə ediblər.  Böyük maraqla qarşılanan “Oxu Günü”ndə tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil edilib. Həmçinin, layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucularla görüşü və imza mərasimi keçirilib.

“Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunan “Oxu Günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edib.

“Oxu Günü”ndə Yeniyetmələrin  22  nömrəli Yaradıcılıq Mərkəzi və Yeniyetmələrin  23  nömrəli Yaradıcılıq Mərkəzinin üzvləri klassiklərin əsərlərindən parçalar nümayiş etdiriblər.

“Oxu günü” çərçivəsində “Əsgərə kitab” adlı aksiya həyata keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva aksiya üçün nəzərdə tutulmuş guşəyə kitab təqdim edib.

Qeyd edək ki, aksiya üçün toplanan kitablar əsgərlərə göndəriləcək. Məqsəd vətənin keşiyini çəkən əsgərlərin də “Oxu günü”nün iştirakçısı olduqlarını bildirmək və hədiyyə olunan kitablarla onların asudə vaxtlarının səmərəli təşkilində iştirak etməkdən ibarətdir.