26.04.2016

“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirildi

Aprel ayının 26 - da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi.

Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə açan Universitetin rektoru Mustafa Babanlı bu mərhələyə keçmiş şagirdləri təbrik etdikdən sonra Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.  Daha sonra rektor Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya müsabiqənin yekun mərhələsinin keçirilməsi üçün məhz bu universitetin seçildiyinə görə təşəkkürünü bildirdi.

Mustafa Babanlı bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışaraq onların ənənə halını alması təklifini də irəli sürdü.

Daha sonra çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqənin keçirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbəri və kollektivinə təşəkkür etdi. Müsabiqənin gedişatı barədə geniş məlumat verən İdarə müdiri istedadlı və bacarıqlı uşaqların üzə çıxarılmasının vacibliyini qeyd etdi.  Məhəbbət Vəliyeva çıxışı zamanı “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin keçirilməsində əsas məqsədin şagirdlərin  kimya elminə olan marağını daha da artırmaq, bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək olduğunu da bildirdi.

Qeyd edək ki, adıçəkilən müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 yanvar  2016-cı il tarixli 28 nömrəli əmri ilə elan edilib.

Final mərhələsində 24 komanda  -  5, 18, 27, 39, 70, 97, 102, 107, 117, 156, 160, 186,192, 220, 225,  239, 240,  243,  253, 258, 278, 287, 299, 320 nömrəli tam orta məktəblərin komandaları iştirak etdi.

Bakı şəhəri ümumtəhsil məktəblərinin  IX-XI  sinif  şagirdlərinin iştirak etdiyi müsabiqənin final mərhələsində tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun  olaraq   kimya  fənni  üzrə  30 sualdan  ibarət  testi, 5 məsələni  və  1 praktiki işi yerinə yetirdilər.

Tədbirdə final mərhələsində iştirak edən bütün iştirakçılara Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən Sertifikatlar təqdim olundu. Daha sonra Universitetin Kompüter Mərkəzində müsabiqənin yekun mərhələsi başladı. Hal – hazırda müsabiqə davam edir. Nəticələr barədə sabah məlumat veriləcək. 


Açar sözlər: ,  ,  ,