27.04.2016

İgid əsgər, möhkəm dayan!

Aprelin 26-da Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə şanlı Azərbaycan ordusuna dəstək məqsədi ilə "İgid əsgər, möhkəm dayan!" adlı tədbir keçirilmişdir.

Tədbirdə Əməkdar artist Ağalar Bayramov, hərbi vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlı, Xəzər rayon ictimayəti, rayon idarə-təşkilat rəhbərləri, hərbi ekspert Üzeyir Cəfərov, rayon məktəblərinin şagird, müəllim kollektivi və cəbhədə baş verən son döyüşlərdə şəhid olmuş əsgərimiz Kamran Şirəliyevin valideynləri iştirak etmişdir.

Tədbir dövlət himninin səslənməsi ilə açıq elan edilmiş və Ağalar Bayramovun "Azərbaycan Bayrağı" adlı şeirinin ifası ilə davam etmişdir.

Tədbirdə iştirak edən qonaqlar çıxışları zamanı qeyd etmişlər ki, vətən uğrunda canından keçən şəhidlər hər kəsi ruhlandırır. Orduya dəstək aksiyaları qələbənin əsasını təşkil edir. Nümayiş etdirilən ruh yüksəkliyi bir daha xalqın inamını əks etdirir.

Əsgərlərimizə dəstək məqsədilə keçirilən tədbirdə geyimləri üzərində şəhidlərin şəkilləri həkk olunmuş şagirdlər  "Əsgər marşı" sədaları altında, əsgər addımları ilə meydana daxil olmuşlar. Şagirdlər səsləndirdikləri "Qarabağ bizimdir bizim olacaq", "Şəhidlər ölməz vətən bölünməz", "Vur, keç səngəri, Azərbaycan əsgəri", "Biz hamımız Mübarizik" şüarları tədbiri daha da canlandırmışdır.

Tədbir boyu Ağalar Bayramovun və Şəmistan Əlizamanlının Vətənimizi, ordumuzu tərənnüm edən möhtəşəm ifaları tədbir iştirakçılarının alqışları ilə müşayiət olunmuşdur.


Açar sözlər: ,