28.04.2016

“Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası I Məntiq Olimpiadası” keçiriləcək

Şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasına müsbət təsir etmək məqsədilə Bakə Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası I Məntiq Olimpiadası” keçiriləcək. Olimpiada Bakı şəhəri ümumi təhsil müəssisələrinin V - VI sinif şagirdləri arasında 2016 - cı ilin 30 aprel - 26 may tarixlərində baş tutacaq.

Qeyd edək ki, şagirdlər 29.04.2016 - cı il tarixinədək www.mentiq.istek.edu.az elektron saytında onlayn qeydiyyatdan keçirilməlidir. Əks təqdirdə onun əldə etdiyi nəticələr etibarsız sayılacaq. Olimpiadada məktəblərin V - VI siniflərinin hər iki (Azərbaycan və rus) bölməsinin şagirdləri iştirak etməlidir. İştirakçıların yaş həddi 11 - 12 yaş qrupuna aid olmalıdır (16 aprel 2016-cı il tarixinə qədər 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır).

Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.

İki mərhələdən ibarət qaydada keçirilən olimpiada çərçivəsində ilk mərhələ 30.04.2016 – cı il tarixdə məktəbdaxili keçiriləcəkdir. Olimpiada bütün məktəblərdə 10:00-da başlayıb, 11:30-dan gec olmayaraq bitəcəkdir.

15.05.2016 – cı il tarixində “İstək” liseyində keçiriləcək olimpiadanın final mərhələsində ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi final mərhələsində də 30 sualdan ibarət test toplusunun həll edilməsi üçün 1,5 saat ayrılacaqdır.

Final mərhələsinin nəticələrinə dair hesablamalar bitdikdən sonra 26.05.2016 – cı il tarixdə Olimpiadanın Bakı şəhərində təntənəli bağlanış mərasimi keçiriləcək və Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nəticəsi nümayiş etdirən məktəblilər mükafatlandırılacaqdır.  


Açar sözlər: ,  ,